Şiə lideri Azərbaycana müraciətlə çıxış etdi

0
250
Загрузка...

“Ötən gün Gəncədə baş vermiş iğtişaşlar həm Azərbaycan qanunvericiliyinin, həm də dini dəyərlərin kobud şəkildə tapdalanmasıdır. Polisə, hüquq-mühafizə orqanları əməkdaşlarına silah qaldırmaq böyük cinayətdir. Din adı ilə edildikdə isə böyük günahdır və faciədir”.

Загрузка...

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli deyib.

Hacı Şahin Həsənli islamın zorakılıq yox, sülh dini olduğunu xatırladıb: “Bizim dinimiz barış dinidir, insanlar arasında sülh yaratmaq üçün göndərilib. Din amilindən istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, qardaş qırğınına rəvac vermək böyük cinayətdir. Bəllidir ki, polisə hücum edən, iğtişaş törədən şəxslərin dinlə heç bir əlaqəsi ola bilməz. Azərbaycanın inanclı insanları dövlətçiliyimizin yanındadır. Bu məsələdə hamı birmənalı mövqe ortaya qoyub. Bu cür hərəkətlərin baş verməsində, görünür ki, kimlərinsə marağı var. Ola bilər ki, xaricdəki hansısa qüvvələr Azərbaycanda dini zəmində qarşıdurma yaratmaqda maraqlıdırlar. Buna qətiyyətlə yol vermək olmaz. Çünki bu həm dinə, həm də dövlətə qarşı xəyanət hesab oluna bilər”.

Hacı Şahin Həsənli onu da vurğulayıb ki, “Ya Hüseyn” şüarları ilə hər hansı bir zorakılıq törətmək şiəliyə qarşı ciddi hörmətsizlikdir: “Tarix boyu Azərbaycanda iki ənənəvi məzhəb olub, şiəlik və sünnilik. Bu iki məzhəb nümayəndələri, ardıcılları hər zaman qardaş kimi yaşayıb. Bunlar Azərbaycanın dövlətçiliyini möhkəmləndirən ən əsas amillərdəndir. “Ya Hüseyn” şüarı zorakılıq törətmək üçün deyil. İmam Hüseyn əleyhissəlamın özü zorakılığa məruz qalıb. Onun özü günahsız yerə öldürülüb. İmam Hüseyn əleyhissalamın adını çəkməklə hər hansı bir zorakılıq törətməyin özü Kərbəla ideyasına ciddi hörmətsizlik sayılır…”.

Onun sözlərinə görə Ötən gün Gəncə Şəhər İcra Hakimiyyəti önündə baş verən qanlı hadisədə həlak olanlardan biri Səməd Abbasov QMİ-nin Gəncəbasar üzrə nümayəndəsi Seyid Tahir Qarabağinin qardaşıdır: “Gecə ilə əlaqə saxladıq. Başsağlığı verdik. Ümumiyyətlə, kimə qarşı törədilməsindən asılı olmayaraq, Azərbaycan vətəndaşının günahsız şəkildə qətlə yetirilməsi yolverilməzdir. Bu, böyük faciədir…”.

Hacı Şahin Həsənli Gəncədəki dindarlara da çağırış edib: “Gəncədəki dindarları, inanclı insanları ayıq-sayıq olmağa dəvət edirəm. Hər hansı təxribata uymasınlar. Mən bilirəm ki, Gəncədəki inanclı insanların mütləq əksəriyyəti bu hadisələri pisləyir. Özüm də onlarla insanla əlaqə saxlamışam. Onlar da baş verənləri pislədiklərini söyləyiblər. Baş verənlərlə heç bir əlaqələrinin olmadığını qeyd edirlər. Ötən gün baş verən iğtişaşları hansısa məhdud bir qrup törədib. Gəncənin inanclı insanları buna qarşıdır. Bir daha Gəncədəki inanclı insanlara müraciət edirəm ki, daha da ayıq-sayıq olsunlar, bu məsələ ilə bağlı öz kəskin mövqelərini ortaya qoysunlar”.

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin