Türkiyənin ilk kosmos səyahətçisi olan astronavt Alper Gezeravcı son günlərin ən çox danışılan və maraq doğuran adlarından biri olub. Gezeravcının kosmosda tarixə düşən ilk sözləri “Gələcək göylərdədir” olub. Bəs, Alper Gezeravcı kimdir, haralıdır, kosmosda neçə gün qalacaq?

Alper Gezeravcı kimdir?

İlk türk kosmos səyahətçisi Alper Gezeravcı 1979-cu ildə Mersinin Silifke rayonunda anadan olub. Atasının peşəsinə görə  Türkiyənin müxtəlif vilayətlərində yaşayıb.

Axiom Space-in saytında yer alan məlumata görə, Gezeravcı bakalavr təhsilini İstanbul Hərbi Hava Qüvvələri Akademiyasında Elektronika Mühəndisliyi üzrə bitirib. O, həmçinin Rayt-Patterson Hərbi Hava Qüvvələri Bazasında Hərbi Hava Qüvvələri Texnologiya İnstitutunda magistr dərəcəsi alıb.

Türkiyə Hərbi Hava Qüvvələrində döyüş pilotu kimi xidmət edən Gezeravcının F-16 da daxil olmaqla bir çox təyyarədə 15 illik uçuş təcrübəsi var. O, həmçinin yeddi il Türk Hava Yollarında kapitan pilot vəzifəsində çalışıb.

Gezeravcı son olaraq Adanadakı 10-cu Baza Komandanlıq Birliyinə Standartlaşdırma Eskadronunun Akademik Qanadı Komandiri təyin edilib. O, donanmanın standartlaşdırılması və qiymətləndirilməsi, Hərbi Hava Qüvvələri standartlarına uyğun olaraq bütün təlim sənədlərinin hazırlanması, yoxlama uçuşlarından əvvəl bütün F-16 və KC-135R pilotlarının yoxlanılması və donanma sənədlərinin standartlarına nəzarət üçün cavabdeh idi.

Alper Gezeravcı Kosmosda!

Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 14 gün ərzində müxtəlif elmi missiyaları yerinə yetirmək üçün kosmosa yola düşüb. Bu missiya üçün universitetlər və tədqiqat qurumları tərəfindən hazırlanan təcrübələr çağırış nəticəsində TUA və TÜBİTAK Kosmos ekspertlərindən ibarət komissiya tərəfindən qiymətləndirilib. Kosmosda xərçəngdən immun hüceyrələrinə, yosunlardan propolisə qədər ədəbiyyata qatqı təmin edəcək araşdırmalar da daxil olmaqla 13 təcrübə aparılacaq.

Əvvəlki yazıHaruki Murakami Kimdir?
Növbəti yazıSahil Babayev kimdir?